SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bu gün xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyidir

23 Mart 2019 [03:34]
Əminəm ki, İsmayıl Şıxlının yaradıcılığı ilə bağlı çoxlu yazılar olacaq. Bu barədə ədəbiyyatçılar öz sözlərini deyərlər. Bir cümlə ilə onu deyim ki, tək "Dəli Kür" əsərində Azərbaycan xalqının adət-ənənələrinin təsviri bir neçə doktorluq dissertasiyasına bəs edər. 

Bu gün, xalqımızın milli, mənəvi dəyərlərinin bilərəkdən aşağılandığı bir dövrdə İsmayıl Şıxlı Şəxsiyyətinin öyrənilməsi və təbliğ edilməsinə xüsusi bir ehtiyac var. 

Xüsusilə, Kişi sözünün bu qədər dəyərdən düşdüyü, vəzifənin, pulun, fəxri adların hər şeydən üstün olduğu, yaltaqlığın, məddahlığın artıq bir peşəyə, qazanc yerinə çevrildiyi, ailə həyatının mənasının itdiyi bir vaxtda İsmayıl Şıxlının qismində Kişi necə olmalıdır sualı hamını maraqlandırmalıdır. 

Mənim üçün İsmayıl Şıxlı, onun yaşam tərzi, cəmiyyətdə yeri, Xalqa, Vətənə münasibəti Azərbaycan Kişisinin bir simvoludur. Hələ 1988-ci ildə Stavropoldan Sadıxlı kəndinə Mehralı babamı yoxlamağa gələndə aramızda olan bir söhbət bu gün də gözümün önündədir.

 Onda Mehralı babama özüm üçün böyük uğur saydığım cavan yaşlarımda Rusiyada məhkəmə sədri olduğumu danışdıqda mənə bir neçə cümlə ilə öz cavanlığından söz açdı. Babam Qazax rayonunun İkinci Şıxlı kəndindən olub. İndiki Ağstafa rayonunun Sadıxlı kəndi əvvəllər Şıxlı kənd sakinlərinin mal-qarası üçün otlaq sahələri olub.

 O dövrlər gürcülərin həmin sahələri öz ərazilərinə qatmaq söhbətləri ortaya çıxanda kəndin ağsaqqalları bunun qarşısını almaq üçün cavan oğullarına Sadıxlıya köçüb orada yaşayış məskanı salmağı məsləhət biliblər. 

Beləcə çoxlu gənc Şıxlı kənd sakinləri Sadıxlıya köçüb ev tikib məskunlaşıblar. Gənc yaşlarında necə Ermənistan ərazisinə yeyib-içməyə getdiklərini, ermənilərin onlardan çəkindiklərini söyləyəndə sual verdim ki, bəs necə oldu ki, indi orada ermənilər at oynadırlar.

 Onda cavabı çox qısa oldu: "Bala, biz ana südü əmirdik, siz isə balalarınızı malışla böyüdürsünüz. Bir də bizim ayaqlarımız torpaq görürdü, indiki cavanlar (bizim dövrdə gənc oğlanların dabanı hündür ayaqqabılar geyinməsi dəbdə idi) isə dikdaban ayaqqabılarda gəzirlər" dedi. Söhbətin sonunda isə əlavə etdi: "Əgər bacarırsansa Azərbaycanda kəndçimiz İsmayıl (İsmayıl Şıxlını nəzərdə tuturdu) kimi hörmət sahibi ol".

1990-cı ilin əvvəllərində həyat mənə şəxsən İsmayıl Şıxlı ilə bir neçə dəfə görüşməyi, söhbətləşməyi qismət etdi. Onun söhbətlərində gördüyüm məğrurluq, mərdlik, qorxmazlılıq, gözütoxluluq mənim üçün əvəzedilməz dərs oldu. Bu gün 100 illik münasibətilə oğlanlarımla birlikdə İsmayıl Şıxlını Fəxri Xiyabanda yad etdik. Allah rəhmət eləsin.
Aslan Ismayılov


На данном изображении может находиться: 1 человек, солнечные очки