SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Xəzəri hasarlayanlara qarşı mübarizə sərtləşir-Yalandırsa doğru xəbər olsun...

20 Iyul 2019 [11:05]

Dənizi qanunsuz çəpərləyənlər ən azı 4 min manat cərimə oluna bilərlər…



Xəzər dənizini hasarlayanlara qarşı mübarizə sərtləşdirilir. Lakin buna baxmayaraq, dənizi hasara alaraq kafelər açıb, istirahət mərkəzi salanların fəaliyyəti davam edir. Əvvəlcə qeyd edək ki, ötən aydan etibarən Bakı Şəhər İcra Hakimiyyəti dənizi qanunsuz çəpərləyən şəxslərə qarşı mübarizəyə başlayıb.

 Belə ki, BŞİH-in Ticarət və xidmət departamentindən bildirilib ki, məsələ ilə əlaqədar "Qaynar xətt” fəaliyyətə başlayıb. Vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

Bundan əlavə, iyunun 27-də departament əməkdaşları Şıx çimərliyində 9 müxtəlif məkana baş çəkib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Paralel olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də Xəzəri qanunsuz olaraq çəpərləyənlərə, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizə aparılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ötən həftə Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı "Neptun”, "Balıqçı”, "Alma”, "Antalya”, "Mirvari”, "Qala”,”Riad Park” və "Caspian Beach” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə sözügedən obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

"Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə ”Elay”, "Malibu”, "Jalə”, "Yalama-Xəzər Turist Bazası” və "Lokomotiv” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə akt və protokollar tərtib olunub.

 Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib, "Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunmuş sənədlər rayon məhkəməsinə göndərilib.

Bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarət daha da gücləndirilir. Bununla əlaqədar olaraq Xəzər dənizinin Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarında monitorinq qrupları yaradılıb.

Komitədən "Yeni Müsavat”a verilən məlumata görə, aparılan monitorinq zamanı Xəzər dənizinin sahilboyu mühafizə zolağı torpaqlarından qanunsuz istifadə halları aşkarlanır. Xəzər dənizinin mühafizə zolağına aid ərazilərini qeyri-qanuni istifadə edən torpaq mülkiyyətçiləri barədə İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsasən inzibati protokollar tərtib edilir.

Hazırkı dövrədək İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkar şəxslər barədə 80 halla bağlı protokol tətbiq edilib, torpaq sahəsinin zəbt olunması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib, 39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb.

Qanunla 20-50 metr zolaqda hər hansı tikintinin aparılması üçün xüsusi razılıq olmalıdır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır.

Qeyd edək ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxsləri 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü pozur. Bu isə turizm baxımından mənfi fəsadlara gətirib çıxarır.

Hər üç qurum tərəfindən məlumat verilib ki, Xəzər dənizinin sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı monitorinqlər davam etdiriləcək.
PS:Hal-hazırda biz heç bir dəyişirlik hiss etmirik...çünki dəniz kənarında olan tikililər sökülməyib heç biri...dövlət qurumlarından ciddi addımlar gözləyir XALQ.


Vəfa Vaqifqızı (Kərimova)