SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

ABŞ-da 16 ildən sonra ölüm hökmləri federal səviyyədə icra olunacaq

26 Iyul 2019 [12:42]
Bu qərar Fars körfəzində ilk müharibənin 53 yaşlı veteranı Lusi Consun 19 yaşlı hərbi qulluqçunu qətlə yetirməsi ittihamı ilə edamından sonra verilib...
ABŞ-da 16 ildən sonra ölüm hökmləri federal səviyyədə icra olunacaq.

Dunya-az.com BBC telekanalının saytına istinadla xəbər verir ki, Birləşmiş Ştatların baş prokuroru Uilyam Barr bununla bağlı bəyanat verib. O, Federal Penitensiar Xidmətə barəsində ölüm hökmü verilmiş beş məhkumun edam olunması tapşırığını verib. 

Baş prokuror bildirib ki, edam cəzasına məhkum olunmuş şəxslər uşaqların və ahıl insanların qətli və zorlanması ittihamları ilə həbs ediliblər. Onların edamı bu ilin dekabrında və 2020-ci ilin yanvarında icra olunacaq.

ABŞ-da Federal Ədliyyə Nazirliyi, ölkənin bir neçə ştatından fərqli olaraq, 2003-cü ildə edam hökmünün yerinə yetirilməsinə qeyri-formal moratorium qoyub. Bu qərar Fars körfəzində ilk müharibənin 53 yaşlı veteranı Lusi Consun 19 yaşlı hərbi qulluqçunu qətlə yetirməsi ittihamı ilə edamından sonra verilib.

Birləşmiş Ştatlarda bir çox cinayət işi federal səviyyədə, digərləri isə ştatların məhkəmələrində baxılır. Bəzi cinayətlər, məsələn, qəlp pul düzəldilməsi və digər xüsusi ağır cinayətlər avtomatik olaraq federal məhkəmələrə göndərilir. 1972-ci ildə ABŞ-ın Ali Məhkəməsi federal səviyyədə və ştatlarda ölüm hökmünü ləğv edib. 

Lakin 1976-cı ildə bəzi ştatlara edam cəzasını bərpa etməyə icazə verilib. 1988-ci ildə isə federal səviyyədə ölüm hökmünün bərpa olunması barədə qanunverici akt qəbul olunub. Hazırda Birləşmiş Ştatların həbsxanalarında ölüm hökmünə məhkum edilmiş 62 nəfər var. Amma 16 il ərzində bu hökmlər icra edilməyib. Rəsmi moratorium elan edilməsə də, inzibati gecikmələr, çox uzun apelyasiyalar, həmçinin ən ağır cəzaya məhkum olunmuş məhbusların sayının az olması bu hökmlərin yerinə yetirilməməsinə səbəb olub.

Tramp Administrasiyası bu vəziyyəti dəyişmək istəyir. Hərçənd ABŞ-da edamların yerinə yetirilməsi üçün kimyəvi preparatlar çatışmır. ABŞ Prezidenti öz bəyanatında bildirib ki, çox ağır cinayətlər törədən şəxslərə qarşı çox yumşaq davranılır və onlara həddindən artıq apelyasiya şikayətləri vermək imkanı yaradılır.

İctimai rəy sorğusu göstərib ki, amerikalıların əksəriyyəti ölüm hökmünün tərəfdarıdır, amma bu cür düşünən insanların sayı getdikcə azalır.